Zelenski hansı anda Çörçillə bənzəyir?| Emosional arqumentlərin təhlükələri

  Zelenski hansı anda Çörçillə bənzəyir?|  Emosional arqumentlərin təhlükələri
811     18:31     25 04 2022    
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ Konqresinin xüsusi iclasında deyib ki, Rusiya Ukrayna səmasını minlərlə insan üçün ölüm mənbəyinə çevirib: “Bu, Avropanın səksən ildir görmədiyi bir terrordur və biz dünyadan bu terrora cavab istəyirik. Bunu istəmək çoxdur? İnsanları xilas etmək üçün Ukrayna üzərində uçuşa qadağan zona yaratmaq lazımdır”.

Zelenskinin xahişi gözlənilən idi. Ukraynalılar və Ukraynayönlü beyin mərkəzləri və fəallar Ukrayna səmasında uçuşa qadağa qoyulması çağırışları edirlər. Ukraynalılara rəğbət bəsləmək olar. Onlar nədənsə boz təpələrin üstündən NATO süvarilərinin gələcəyini gözləyirdilər. Ukraynalılar onilliklər ərzində NATO-ya üzv olmaq şansları ilə bağlı aldadılıblar. Zelenski tarixin Böyük İnsan Nəzəriyyəsinə qayıdışın müjdəçisi ola bilər. O, bəzən Uinston Çörçilllə müqayisə edilir.

Əgər Zelenski ilə Çörçill arasında gözə çarpan bir oxşarlıq varsa, o da Zelenskinin də Çörçill qədər ABŞ-ı potensial dünya müharibəsinə, hətta nüvə müharibəsinə sürükləmək istəməsindən ibarətdir. Bunun ABŞ-ın maraqlarına uyğun olub-olmaması isə tamam başqa sualdır.

Ukrayna üzərində uçuşa qadağa zonasının yaradılmasının ABŞ və Rusiya arasında müharibəyə səbəb ola biləcəyi aydındır. ABŞ-da aparılan sorğularda uçuşa qadağan zonaya dəstəyin kəskin şəkildə azaldığı müşahidə olunur. Bu gözlənilən idi. Martın əvvəlində 78 ekspert Ukraynada uçuşa qadağa qoyulmasına qarşı açıq məktub imzalayıb.

Ukraynanın NATO-nu Rusiya ilə müharibəyə sürükləmək üçün ardıcıl cəhdi emosiyalara müraciət və Rusiyanın vəhşiliyindən həqiqətən qəzəblənən qərbliləri manipulyasiya etmək üsulu kimi başa düşülür. Lakin Qərbin Ukraynaya əlavə hərbi dəstəyinin tərəfdarları münaqişənin gərginləşməsi risklərini düşünmürlər. Qorxu NATO-nun adi müharibəni uduzması deyil, Rusiyanın küncə sıxışdırılacağı təqdirdə nüvə silahının yeganə seçimi olacağı ilə bağlıdır.

Rusiyanın müharibədəki çaşdırıcı performansı həm də Moskvanın potensial NATO-Rusiya müharibəsi riskini başa düşdüyünə dair fərziyyələrə səbəb olub. Bu, münaqişənin regionaldan qitə çərçivəsinə keçəcəyi təqdirdə Rusiya ordusunun ən yaxşı aktivlərini saxlamasına gətirib çıxarıb. Ruslar Ukraynanın çökəcəyinə və Qərbin sanksiyalarının olmayacağına dair yanlış inancda idilər ki, bu da iki mühüm və gözə çarpan səhvlə özünü büruzə verir. Rusiya prezidenti Vladimir Putin müharibədən əvvəl Rusiyanın valyuta ehtiyatlarını geri çəkmədi. İkincisi, bəzi çaşdırıcı əməliyyat manevrləri var idi. Rusiya Aerokosmik Qüvvələri ilk öncə çox istifadə olunmadı. Rusiya strategiyası sovet tipli kolon birləşmələrinə qayıdaraq ağır artilleriyanın istifadəsinə yönəldi. Rusiya Rosqvardiya qoşunları hava örtüyü olmadan irəlilədi və xüsusi təyinatlılar 1990-cı illərdə adi olan, köhnəlmiş əməliyyat taktikalarından istifadə etdi.

Rusiyanın strateji planlaması dağıdıcı idi. Artıq ötən həftə Ukrayna 6 rus generalının öldürüldüyünü açıqladı. Rusiya zirehli qoşunları logistika problemlərindən əziyyət çəkərək yavaş-yavaş hərəkət edir. Rusiya Ukraynanın qərbini təcrid edə və ölkəyə silah axınının qarşısını ala bilməyib. 2008-ci il müharibəsi zamanı Rusiyanın Gürcüstanda apardığı müharibədə olduğu kimi, hərbi qulluqçuların əhval-ruhiyyəsi aşağıdır, çağırışçıların maaşları azdır, eyni zamanda struktur problemləri də müşahidə olunur. Həmin münaqişədə Rusiya qüvvələri sovet dövründən qalma köhnə, qüsurlu xəritələrə və ləng fəliyyəti ilə yadda qalıb, yüksək səlahiyyətlilərlə əlaqə saxlamaq üçün mobil telefonlardan istifadə edib.

Rusiyanın Krım əməliyyatı daha çox məxfilik və yerli dəstəyin üstünlüyü olan bir bölgədə xüsusi təyinatlılar tərəfindən həyata keçirilirdi. Suriyadakı əməliyyatlar əsasən hava örtüyünə əsaslanırdı, Suriya Quru Qoşunları “top yemi” kimi istifadə olunurdu. Bunların heç biri Rusiyanı Avropanın ikinci ən böyük ölkəsində yüksək intensivlikli dövlətlərarası müharibəyə hazırlamadı. Kütləvi çoxdomenli əməliyyatları koordinasiya etməyin asan olmadığını öyrənmək üçün Rusiya böyük xərclər ödədi. Ancaq Rusiya hələ də üstündür. Martın 15-də Rusiyanın Krımdan Donetskə doğru şərq istiqaməti quru dəhlizi ilə birləşdi. Digər istiqamət Xarkovdan cənuba doğru irəliləyir və Ukraynanın şərqi və cənubunu əhatə edir.

Bayden administrasiyası Ukrayna üzərində “uçuşa qadağan zonası”nı dəstəkləməyəcəyini söylədi. Ancaq bu, arxayınlığa səbəb olmamalıdır. Rusiya istilası yüksələn mühafizəkarlıq hərəkatını riskə atdı. “Humanitar müdaxilə” düşüncəsi melodramatik əsas mediada da görünür.

Avropanın yenidən silahlanması Amerikanın böyük strategiyasına və dar milli maraqlarına yenidən diqqət yetirmək üçün fürsət təqdim edir. Avropa qitənin müdafiəsi üçün əsas məsuliyyəti öz üzərinə götürə bilər, Amerika nüvə və dəniz qüvvələri isə dənizdə balanslaşdırıcı kimi çıxış edə bilər.
Strategyvision.org

Teq: Zelenski   Çörçil  


Oxşar məqalələr
Son əlavə olunanlar